Günümüz dünyasında istənilən sektorda ən dəyərli qaynaqlardan biri də datadır. Datalar bizə müştərilərimiz, istifadəçilərimiz, heyətimiz, təminatçılarımız və rəqiblərimiz haqqında bir çox faydalı məlumatlar, üstünlüklər verə bilər. Dataların toplanılması üçün bir çox metodlardan istifadə olunur.

Mənbəsinə görə dataları 2 yerə bölə bilərik: İlkin data, İkincil data.

İlkin data öz metodlarımızdan istifadə edərək, araşdırmalar apararaq bir başa istifadəçilərdən toplayıb, analiz etdiyimiz datadır.

İkincil data isə daha öncə aparılmış araşdırmalardan istifadə edərək, özümüzə uyğun nəticələr çıxardımız datadır. İkincil datanın ən böyük üstünlükləri daha ucuz başa gəlməsi və daha əvvəl təcrübədən keçmiş olmasıdı. Buna baxmayaraq ikincil data çox vaxt bizim istəklərimizi tam qarşılaya bilmir.

Datalar həmçinin keyfiyyətinəkəmiyyətinə görə dəyərləndirilir. Keyfiyyətli data rəqəmlərə yox mülahizələrə, xüsusiyyətlərə və başqa faktorlara  əsaslanır.  Burda hissləri, düşüncələri, fikirləri başa düşmək və nəticə çıxarmaq hədəflənir. Bu tip data nəzəriyyələrin, fərziyyələrin, şərhlərin və ilkin biliklərin formalaşması üçün istifadə olunur.

Kəmiyyətə istinadən əldə olunan datalar əsasən rəqəmlərə, saylara əsaslanır. Bu rəqəmlər böyük istifadəçi kütləsindən əldə olunur, daha sonra analiz edilir. Bunun üçün ən çox istifadə olunan metodlardan biri də sorğulardır.

Dataları ümumi göstəricilərinə və mənbələrinə görə dəyərləndirdik, bəs bu dataları toplamaq üçün hansı metodlardan istifadə edilir?

Data toplamaq üçün çoxlu metodlar var və bu metodlara daim yeniləri əlavə olunur. Gəlin onlardan ən çox istifadə edilənlərinə diqqət yetirək:

Müsahibələr – İnsanlara daha öncədən hazırlanmış suallar verərək, onların fikirlərinə geniş perspektivdən baxmaq, həmçinin əlavə faktorları da öyrənmək mümkündür. Burda ən önəmli mərhələ düzgün sualların seçilməsidir. Müsahibələr ən bahalı data toplama metodlarından hesab olunur.

Müşahidə - Subyektiv metodlardan biridir. Burda müşahidəçinin rəyləri və fikirləri böyük önəm kəsb edir. Müşahidə metodu ilə toplanan data tam dəqiq olmaya bilər, lakin bu üsulla əldə etdiklərimizi başqa metodlardan istifadə edərək əldə etmək mümkün deyil.

Araşdırmalar və qeydlər – Adından da göründüyü kimi İkincil data əldə etmə metodlarından biridir. Mövcud olan yazılar, araşdırmalar və s. məlumatlara əsaslanır. Ən ucuz və ən çox istifadə olunan metod hesab edilə bilər.

Hekayələr və Təcrübələr – Bu metod insanların təcrübələrinə, hekayələrinə əsaslanır. Digər metodlarda daha çox hazırki proslelər analiz edilirdisə, burda təcrübələr üstün tutulur. Bu metod daha çox tək bir mövzunun araşdırılması üçün istifadə olunur.

Sorğular – Günümüzdə ən çox istifadə edilən metodlardan biridir. Burda qapalı suallardan istifadə edilir və çox böyük sayda cavablar araşdırılır. Sorğular çox effektiv metod olsa da sualların düzgün seçilməməsi onu  yararsız hala sala bilər. Sorğuların artıq onlayn versiyaları  da mövcuddur. Bu versiyada verilən suallar əvvəlki cavablara uyğun olaraq dəyişir.

Gördüyünüz kimi data toplamaq üçün çox geniş metodlar mövcuddur. Bunların istifadə yerinə görə düzgün seçilməsi və ən doğru şəkildə analiz edilməsi mütləqdir. Hər şeyi düzgün etdiyimiz halda datalar bizə gözlədiyimizdən daha artığını verə bilər.